Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı

Xəzəryanı ölkələrin prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Sputnik

BAKI, 12 avqust — Sputnik. Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti başa çatıb.

Sputnik Qazaxıstan xəbər verir ki, sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Bundan əlavə beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar. 

Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.