SƏHİYYƏ

Hakerlər xəstənin ürəyini dayandırmağı bacarıblar

Tibbi cihazlara uzaqdan müdaxilə edərək əməliyyatda olan xəstənin ürəyini dayandıra bilirlər.
Sputnik

BAKI, 12 avqust — Sputnik. İnformasiya təhlükəsizliyi mütəxəssisləri Billi Rios və Conatan Batts kardiostimulyatorlardan birinə müdaxilə edə bilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Mütəxəssislər bu ilin yanvar ayında boşluğu aşkar ediblər və istehsalçı şirkət olan "Medtronic"i məlumatlandırıblar.

Şirkət onların bu barədə məktubuna reaksiya verməyib. Onlar isə qurğuya müdaxiləni Las-Vegasda "Black Hat" konfransında canlı olaraq göstərməyə qərar veriblər.

Rios və Bats kardiostimulyatorun proqram təminatının yenilənməsi zamanı ora qorunmamış protokolu göndərirlər. Proqram təminatının özü isə rəqəmsal imza ilə qorunmur. Bu, mütəxəssislərə öz zərərli proqramlarını qurğuya daxil etməyə və nəzarətçi həkimdən gizli olaraq qurğunun funksiyalarını idarə etməyə imkan verir. Məsələn, onlar bu yolla ürəyin döyüntüsünü idarə etməyə müvəffəq olurlar. Hətta tibbi cihazlara uzaqdan müdaxilə edərək əməliyyatda olan xəstənin ürəyini dayandıra bilirlər. 

Bu üsulla firmanın digər qurğularına da müdaxilə etmək mümkün olub.

Şirkət isə açıqlamasında bildirib ki, onun sistemləri istənilən çatışmazlıqların öhdəsindən gələ bilir.