Bakı-Balakən qatarı yolda qalıb, sərnişinlər mənzil başına avtobuslarla daşınıb

Sel Bakıdan Balakənə hərəkət edən sərnişin qatarının yolda qalmasına səbəb olub.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 12 avqust- Sputnik.
İki gün aramsız yağan leysan xarakterli yağışlar səbəbindən yaranan sel nəticəsində Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən dəmiryol xətti yararsız hala düşüb. Bu da Bakıdan Balakənə hərəkət edən sərnişin qatarının yolda qalmasına səbəb olub. Avqustun 11-də və bu gün Bakı-Balakən marşrutu ilə hərəkət edən sərnişin qatarı Qax rayonu ərazisindəki Kötüklü (Qax-1) stansiyasında dayanıb.

Bakı-Balakən qatarı

Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Kötüklü stansiyasından avtobuslarla mənzil başına yola salınıblar. "Azərbaycan Dəmir Yolları" QSC-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda sözügedən yolda təmir-bərpa işləri aparılır. Fövqəladə heç nə baş verməsə, yaranmış problem günorta saatlarınadək aradan qaldırılacaq.

Qeyd edək ki, ötən gün Balakən-Bakı sərnişin qatarı paytaxta Qax stansiyasından yola salınıb.