RUSİYA

Aktau sammitinə ciddi hazırlıq gedir

"Xəzər beşliyi"nin prezidentlərinin əvvəlki görüşlərdə qəbul etdiyi qərarların reallaşdırılması müzakirə ediləcək
Sputnik

BAKI, 10 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin avqustun 12-də Beşinci Xəzər Sammitinə iştirak etmək üçün Qazaxıstana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

Xəzər bölgəsində 15 gün davam edən mübarizənin qalibi elan olunub

"Avqustun 12-də Beşinci Xəzər Sammitində iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin Aktau (Qazaxıstan) şəhərinə səfər edəcək. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin müxtəlif sahələrdə əməkdaşlığının əsas aspektləri nəzərdən keçiriləcək və "Xəzər beşliyi"nin prezidentlərinin əvvəlki görüşlərdə qəbul etdiyi qərarların reallaşdırılması müzakirə ediləcək" — deyə məlumatda bildirilir.

Kremlin yaydığı məlumatda qeyd olunur ki, görüşün əsas hadisəsi — üzərində 1996-cı ildən işlənən Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması olacaq. Bundan əlavə, görüş çərçivəsində bir sıra beştərəfli hökumətlərarası sənədlərin imzalanması da nəzərdə tutulub.

Qeyd edək ki, ötən ilin dekabrın 5-də Moskvada beş ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə region ölkələri Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır.

Bu ilin iyulun 29-da Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə təklifini qəbul edib. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanı yaradır.

"Ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər" — deyə Konvensiyanın 14-cü maddəsində bildirilir.

Lakin, eyni zamanda vurğulanır ki, bu cür layihələr "ölkələrin iştirakçısı olduğu beynəlxalq sazişlərdə" göstərilən ekoloji tələblər və standartlara uyğun olmalıdır. Bu mənada 2003-cü ildə imzalanan "Xəzər dənizində ətraf mühitin qorunması üçün çərçivə konvensiyası" və onun protokolları diqqətə çatdırılır.

"Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sualtı kabellərin və boru kəmərlərinin keçəcəyi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır" — deyə Konvensiyada vurğulanır.