HADİSƏ

Bakıda Tofaş Penitensiar Xidmətin maşını ilə toqquşub: ölənlər var

Tofaş markalı avtomobil yol kənarında dayanmış Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinə məxsus Hyundai markalı avtomobilə dəyib, hər iki sürücü ölüb.
Sputnik

BAKI, 9 avqust — Sputnik. Avqustun 8-i, gecə saatlarında Balaxanı-Mehdiabad şossesində (Balaxanı qəsəbəsi ərazisində) baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Gecə saat 23:00-da 1991-ci il təvəllüdlü Muradov Kamran Sabir oğlunun idarə etdiyi 90 BZ 480 dövlət nömrə nişanlı Tofaş markalı avtomobil yol kənarında dayanmış Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinə məxsus Hyundai markalı avtomobilə dəyib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü — Kamran Muradov və 1989-cu il təvəllüdlü Dövlətov Ziya Şahbaz oğlu ölüb. Onların hər ikisi qəzadan dərhal sonra 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AR DİN-nin rəsmi məlumatlarına görə, ötən sutka ərzində respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Həmin qəzalar nəticəsində 5 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.