Qonşu ölkədən Azərbaycana mal-məhsul keçirilməsi qadağan olundu

Son günlər İran tərəfindən bir sıra məhsulların ölkədən çıxarılması qeyri-rəsmi qadağan edilib
Sputnik

BAKI, 9 avqust — Sputnik. Son günlər İran tərəfindən bir sıra məhsulların ölkədən çıxarılması qeyri-rəsmi qadağan edilib. Bu barədə Sputnik Azərbaycan-a İrandan müntəzəm məhsullar alıb gətirən Astara rayon sakinləri məlumat veriblər.

Qonşuluqda qiymətlər ərşə çıxdı, prezident bütün anbarları açdırdı

Onların sözlərinə görə, son günlər ərzində bir sıra məhsulların Azərbaycanaa gətirilməsinə İran gömrüyündə icazə verilməyib: "Məsələn, yağ, çay məhsullarının İrandan çıxarılmasına imkan verilmir. Bu vəziyyətin nə qədər belə davam edəcəyi bilinmir, ola bilər ki, yenidən icazə verilsin".

Astara sakinləri bildiriblər ki, bunun səbəbi İran məhsullarının öz daxili bazarlarını təmin edə bilməməsi ilə əlaqələndirilib: "Gömrük rəsmiləri heç nə demirlər. Amma camaatdan öyrəndik ki, sanksiyalar səbəbindən İranda istehsal prosesi zəifləyib və məhsul qıtlığı yaranmağa başlayıb".

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, avqustun 7-dən Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minib. Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.