TƏHLİL

İlin sonunadək maliyyə bazarımızda nə baş verəcək - Xarici və daxili gözləntilər

"Azərbaycan 2018-ci ildə iqtisadi artıma nail olmaqla makroiqtisadi stabilliyi qoruyub saxlaya biləcək"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. "Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq".

Yerli məlumatın məlumatına görə, bu proqnoz "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən təqdim edilib. Makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi agentlik manatın sabit məzənnəsini qeyd edib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, makroiqtisadi stabillik daha çox manatın məzənnəsinin qorunub saxlanması ilə bağlıdır: "Manatın məzənnəsinin qorunub saxlanılması nəticə etibarı ilə makroiqtisadi stabilliyin saxlanmasına imkan yaradır. O baxımdan manat nə qədər stabildirsə, makroiqtisadi stabilliyi qoruyub saxlamaq o qədər asandır".

Ekspert də 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulda (ÜDM) artımların qeydə alınacağını proqnozlaşdırır: "Nəticə etibarı ilə 2018-ci il ÜDM-də artımın qeydə alınacağı ildir. 2018-ci il son illərin yeganə ilidir ki, nəinki Azərbaycan hökuməti, eyni zamanda, beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi artımın olacağını proqnozlaşdırır".

Bayramovun sözlərinə görə, makroiqtisadi göstəricilər ondan xəbər verir ki, Azərbaycan 2018-ci ilin ilk 6 ayında makroiqtisadi stabilliyi qoruyub saxlaya bilib: "Xüsusi xarici şoklar, neftin qiymətlərində çox kəskin enişlər baş verməzsə, o zaman cari ilin növbəti aylarında da makroiqtisadi stabillik qorunub saxlanılacaq. Bizim qiymətləndirmələr də göstərir ki, neftin dünya bazar qiymətinin 60 dollardan çox olması Azərbaycanda makroiqtisadi stabilliyin qorunub saxlanmasına imkan verir".

"2017-ci ilin sonunda qeyri-neft ixracatı 25 faiz artaraq 1,5 milyard dollara çatıb. Həm qeyri-neft ixracatındakı artım, həm də neftin mövcud qiymətləri ölkəmizdə makroiqtisadi stabilliyin qorunub saxlanmasına zəmin yaradır. "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilən məqamlar realdır. Azərbaycan 2018-ci ildə iqtisadi artıma nail olmaqla makroiqtisadi stabilliyi qoruyub saxlaya biləcək" — deyə o, qeyd edib.

Mütəxəssis bildirib ki, Azərbaycan üçün beynəlxalq maliyyə qurumlarının rəyləri çox önəmlidir: "Bir tərəfdən, neftin qiyməti məqbul olsa da, uzunmüddətli dövr üçün qiymətin proqnozlaşdırılması çətindir. Digər tərəfdən isə, beynəlxalq hesabatlar, rəylər Azərbaycana investisiya cəlb edilməsi baxımından çox vacibdir. Son illər xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların genişlənməsi də Azərbaycanın beynəlxalq hesabatlardakı yerinə müsbət təsir göstərir".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, 2015-2016-cı illərdə, 2017-ci ilin ilk yarısında Azərbaycanda ÜDM-in daralması müşahidə olunub: "Bu daralmadan sonra 2 faizə yaxın artımın olması müsbət gözlənti olsa da, yetərli deyil. Çünki son 15 ili götürdükdə, ÜDM-in kəskin artdığı dövrlərdə Azərbaycan daha ciddi iqtisadi nailiyyətlər əldə edib".

"Yəni elə vaxt olub ki, Azərbaycanda ÜDM-in artımı ikirəqəmli olub. Hətta 29-30 faiz civarında ÜDM-in artımı illərini yaşamışıq. Bununla müqayisədə və ümumi Azərbaycan iqtisadiyyatının həcmini götürdükdə, daralmanın olmaması, 2 faiz artımın olması özü-özlüyündə müsbətdir, amma yetərli deyil. Ümumiyyətlə, ölkələrdə iqtisadi artım tempi 4-5 faiz olmalıdır ki, həm əhalinin rifah halına, həm də ümumi iqtisadi göstəricilərə müsbət təsir göstərsin" — deyə N.Cəfərli vurğulayıb.