Ətraf mühiti zibillədiklərinə görə 20 min manatdan artıq cərimə edildilər

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 21, məhkəmələrə 4 iş göndərilib
Sputnik

BAKI, 9 avqust — Sputnik. 16-31 iyul 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 271 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 73 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 52 iş üzrə 26400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 19283,31 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 177 iş üzrə 21157,37 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 21, məhkəmələrə 4 iş göndərilib.