CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Restoran və şadlıq saraylarını gözləyən cərimənin miqdarı açıqlandı

Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək
Sputnik

BAKI, 8 avqust — Sputnik. Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü axını və qoxuya görə bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb.

"Qeyd edək ki, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən vəzifəli şəxsin 3500-4500, hüquqi şəxsin 20000-25000 manat məbləğində cərimə olunması nəzərdə tutulur" — deyə məlumatda bildirilir.

Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək.