CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyindən efirdə yayımlanan süjetə sərt reaksiya

Valehov: Müxbir ciddi cəhdlə 1992- ci təvvəlüdlü, 26 yaşlı bığ-saqqal ağartmış vətəndaşı şagird kimi qələmə verməkdən sanki yaradıcılıq zövqü alır".
Sputnik

BAKI, 8 avqust — Sputnik. Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb. Sputnik Azərbaycan yerli KİV-ə istinadla xəbər verir ki, insident Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib.

Polisə sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayevin ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olduğu barədə məlumat verilib. Abşeron rayon Polis Şöbəsinin Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Çox çəkməyib ki, polis, müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov müəllim Coşqun Xanbabayevin şagirdi olub. İsgəndərovun sözlərinə görə, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib.

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov öz Facebook səhifəsində məsələyə aydınlıq gətirib: "Hörmətli həmkarlar! Bu qınaq deyil, gileydir. Gördüyünüz kriminal pafoslu sujetdə televiziya ekranında 10 milyon vətəndaşımıza ərz olunur ki, bəs Abşeronda şagird müəllimi bıçaqlayıb, özü də kitab üstündə. Bıçaqlayan şagird hətta Fiziki tərbiyə fənnindən "ən yüksək balla" bu il universitetə qəbul olunub. Müxbir ciddi cəhdlə 1992-ci təvvəlüdlü, 26 yaşlı bığ-saqqal ağartmış vətəndaşı şagird kimi qələmə verməkdən sanki yaradıcılıq zövqü alır, "şagird"in müəllimi hətta öldürməməsinə məəttəl qalır".

C. Valehov qeyd edib ki, Abşeron rayonunda bu il və ötən 5 il ərzində nə belə adda şagird olub, nə də ki, müəllim. Bunu Abşeron RPŞ-dən də öyrənmək mümkündür. Nazirliyin sözçüsü hesab edir ki, çoxmilyonlu tamaşaçı və "Azərbaycanda şagird müəllimi bıçaqladı" başlığı ilə manşet verən saytın oxuyucuları tamamilə doğru olmayan istiqamətə yönəldilib. Onlar şagirdin müəlliminə qarşı şiddət tətbiq etdiyini müzakirə edəcək və minlərlə müəllimin adına gölgə salan qara xəbərin rəngində düşünəcəklər.

Valehov bu cür xəbər siyasəti yeridənlərə bir sıra ritorik suallar da ünvanlayıb: "Xəbər süjeti yayan, dərc edən həmkarlar, axı niyə qeyri-dürüst məlumatı yayımlayırsız?! Niyə bizdə bıçaqlanan, avtoqəza keçirən hər hansı bir vətəndaş yaşı az olarsa, hökmən şagird, əgər məktəbdə işləyərsə, hökmən filan məktəbin müəllimi kimi qeyd olunur?! Bəyəm qəza keçirməyin də peşəsi var?!"