BAKI, 8 avqust — Sputnik. Avqustun 7-dən 8-nə keçən gecə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında (MRX) yanğın baş verib. Bu barədə Sputnik Azərbaycan-a xəstəxanadan məlumat veriblər.
Bildirilib ki, yanğın xəstəxananın birinci mərtəbəsində, poliklinika şöbəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri dərhal hadisə yerinə çatıblar və yanğının geniş əraziyə yayılmasına imkan verməyiblər.
Xəstəxanadakı otaqlardan biri tamamilə yanaraq sıradan çıxıb. Xoşbəxtlikdən hadisə zamanı zərərçəkən olmayıb. Yanğının baş vermə səbəbi hələlik müəyyən edilməyib. İlkin ehtimala görə, yanğın elektrik naqillərində qısa qapanma səbəbindən baş verib.
Faktla bağlı AR Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları araşdırma aparır.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə isə, Biləsuvar MRX-nin birinci mərtəbəsində rentgen otağında olan kondisionerdə tüstülənmə baş verib. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tüstülənməni yanğına keçməmiş qarşısını alıblar.
"Xəsarət alan yoxdur və heç bir avadanlığa ziyan dəyməyib. Tüstülənmə baş verən ərazi də artıq təmizlənərək istifadəyə verilib" — deyə nazirliyin məlumatında bildirilib.