İmtahanların nəticələri açıqlandı, şikayəti olanlar iki gün ərzində müraciət edə bilər

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər
Sputnik

BAKI, 8 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Jurnalist olmaq istəyənlərin nəzərinə!

Bildirilib ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 446 abituriyentdən 104 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 342 abituriyentdən 287 nəfəri "məqbul" qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılması üçün avqustun 10-da (saat 10:00-dan 17:00-dək) Mərkəzin A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (keçmiş Asiya Universitetinin binası) Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 və 9 avqust tarixlərində qeyd olunan ünvana şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.