CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı taekvondoçunun pulunu oğurlayanlardan qəribə etiraf

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi olub.
Sputnik

BAKI, 8 avqust — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə N.Fərəcova özünü qismən təqsirli bilib, N.İsrafilov isə özünü təqsirli bildiyini deyib.

N.İsrafilov sərbəst ifadəsində oğurluğu tək etdiyini, N.Fərəcovanın bu işdən xəbərsiz olduğunu söyləyib: "Mənim Nərgizlə yaxın münasibətim var idi. O, Fəridə Əzizovagilə gedib-gəldiyini deyirdi. Mən də Fəridənin evinin açarını Nərgizdən gecə gizlin götürdüm. Oğurluğa Aqşinlə getdim. Özü uzun müddət Rusiyada qalırdı, Azərbaycana təzə gəlmişdi. Mən ona oğurluq etməyi təklif etdim və razılaşdı. Biz birlikdə Fəridənin evinə getdik. Evdən seyfi oğurlayıb Gəncəyə apardıq. Seyf balaca idi, onun qapısını Gəncədə açdıq. Seyfin içərisində 40 min var idi. Pulu yarı böldük. Sonra 9 min verib qaçaq yolla İrana keçdim, oradan isə Türkiyəyə getdim. Üzərimdə sənədlərim olmadığı üçün Türkiyədən deportasiya olundum, Azərbaycanda da saxlanıldım".

Məhkəmədə məlum olub ki, Aqşin adlı şəxsin barəsində axtarış elan olunub.

Dünyada tanınmış idmançımızla bağlı məhkəmə prosesi başladı

N.Fərəcova isə dindirilən zaman hadisə barədə məlumatının olmadığını, tanışı N.İsrafilovun ondan xəbərsiz evə daxil olduğunu vurğulayıb.

O, zərərçəkmiş Fəridə Əzizovaya 53 min manat pulu geri qaytardığını bildirib: "Bizim Fəridə ilə ailəvi gediş-gəlişimiz var idi. Nicat daha əvvəl Fəridənin evinə girmək istədiyini bidirmişdi. Mən də buna görə özümü qismən təqsirli bilirəm. Nicat evin açarını məndən xəbərsiz götürüb. Fəridənin evində olan seyf barədə isə Nicata deməmişəm. Nicat evdən apardığı pullardan mənə heç nə verməyib".

Daha sonra zərərçəkmiş qismində Fəridə Əzizova ifadə verib.

O, hər iki təqisləndirilən şəxsi daha əvvəllər tanıdığını və onların məhkəmədə verdiyi ifadələrinə inanmadığını söyləyib: "Nicat mənim o birisi evimə gəlib, amma oğurluq etdiyi evimdə olmayıb. Düzdür, Nicat onu qoruyur, amma buna inanmıram. Özüm həmin vaxt Ukraynadaydım. Evdə ev heyvanlarım var idi deyə açarı Nərgizə vermişdim. Hətta seyfin kodunu Nərgizin bacısı Yaqut da bilirdi".

F.Əzizova evindən, ümumilikdə, 67 min manat məbləğində pul oğurlandığını deyib. O, həmin məbləğdən N.Fərəcovanın anasının ona 53 min manat ödədiyini bildirib: "Yerdə qalan 14 min manatımı tələb edirəm".

Zərərçəkmiş ifadəsində söyləyib ki, evindən aparılan pullar Bakıda keçirilən İslam Oyunlarında qazandığı mükafata görə verilib: "Bunu da hər kəs bilirdi".

Məhkəmənin növbəti iclası avqustun 15-nə təyin edilib.

Azərbaycanda tanınmış idmançının evi qarət edilib

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

N.İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.