Çindən Həcc ziyarətinə gedənlər 24 saat izlənilir - İddia

Çin rəhbərliyi ziyarətə gedənlərin hamısının bu kartı daşımadığını, uyğurlara bu kartlardan verilmədiyini iddia edir
Sputnik

BAKI, 7 avqust — Sputnik. Çindən Həcc ziyarətinə gedənlərin 24 saat izlənildiyi iddia edilib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, məlumatı "Wall Street Journal" qəzeti dərc edib. Çindən Həcc ziyarətinə gedənlərə yaxa kartları verilib. Həmin kartlarda GPS izləmə qurğusunun yerləşdirildiyi bildirilib. Çinli müsəlmanların GPS sistemi ilə 24 saat izlənildiyi iddia edilib.

Çin hökuməti tərəfindən idarə olunan Çin İslam Dərnəyinin verdiyi açıqlamaya görə, bu ağıllı kartlar istifadəçisinin təhlükəsizliyini təmin edir. Kartlarda GPS izləmə qurğusu və şəxsi göstəricilər var. Hüquq müdafiəçiləri sözügedən kartları Çinin casusluq və kəşfiyyat fəaliyyətlərinin bir hissəsi kimi qiymətləndirir.

Çin rəhbərliyi ziyarətə gedənlərin hamısının bu kartı daşımadığını, uyğurlara bu kartlardan verilmədiyini iddia edir.