CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir yolda nəqliyyatın hərəkətində dəyişiklik edilib

BNA-nın mütəxəssislərinin təklifi əsasında tətbiq edilən dəyişikliyə əsasən, sözügedən kəsişmələrdə nəqliyyatın hərəkəti birtərəfli təşkil edilib
Sputnik

BAKI, 7 avqust — Sputnik. Avqustun 7-dən paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, BNA-nın mütəxəssislərinin təklifi əsasında tətbiq edilən dəyişikliyə əsasən, sözügedən kəsişmələrdə nəqliyyatın hərəkəti birtərəfli təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin ərazidə apardığı təhlillərlə müəyyən edilib ki, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində sola dönən nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat vasitələrini gözləməsi günün pik saatlarında sıxlığın yaranmasına səbəb olurdu. Bundan əlavə kəsişmənin ətrafında qanunsuz parklanmanın və Süleyman Sani Axundov küçəsindən kəsişməyə daxil olan nəqliyyat vasitələri üçün yaşıl işığın vaxtının aşağı olması sərbəst nəqliyyat axınına imkan vermirdi. Məlum dəyişiklik ərazidə nəqliyyat sıxlığının aradan qaldırılması ilə yanaşı, "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində gedən avtobusların rahat hərəkətinə də imkan verəcək.