HADİSƏ

Qax sakini avtomobili ilə birgə dərədən aşıb

Sürücü Sarıbaş kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 avqust— Sputnik. Qax rayonunda arzuolunmaz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun ən ucqar kəndi olan Sarıbaşda qeydə alınıb.

Kənd sakini İbrahim Axundov "UAZ" markalı avtomobillə Qaxdan Sarıbaş kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını dərinliyi, təqribən 150 metr olan dərəyə aşırıb. Xəsarət alan şəxs dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İ.Axundova sol qaş üstü nahiyənin dərisinin və sol əl pəncənin arxa səthinin açıq yarası diaqnozu qoyulub və o, sonradan evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.