HADİSƏ

Gəncə hadisələrinin aktiv iştirakçısı ələ keçdi

O, ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib
Sputnik

BAKI, 6 avqust — Sputnik. "2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Res­publikasının vətəndaşı, 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu saxlanılıb". 

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, İ.İsmayılov "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.

İsmayılov İsmayıl Kamil oğlu

Məlumatda, həmçinin qedy edilir ki, hüquq-mühafizə orqanları tərəfin­dən barəsində axtarış elan olunan şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkar­lanması mühüm əhəmiyyət kəsb edir: "Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib".

Qeyd edək ki, iyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsd aktı törədilib. Hər iki şəxsin baş nahiyyəsinə "Makarov" tipli tapançadanatəş açılıb.

Faktla bağlı 1983-cü il təvəllüdlü yerli sakin Yunis Səfərov həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 və 120.2.7 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi açılıb.

İyulun 16-da isə hadisə ilə əlaqədar daha dörd nəfər həbs edilib. Həbs olunanlardan Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmaqda təqsirləndirilir.

Hadisə ilə bağlı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İstintaq araşdırmaları hazırda da davam etdirilir. Vəliyevə qarşı qəsdin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir.