CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakini sevgilisinə külli miqdarda pul "atıb"

Sevgilisini aldadaraq 100 min pulunu əlindən alan Bakı sakininə qarşı cinayət işinin açılması tələbi irəli sürülüb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Bakıda bir kişi külli miqdarda pulu fırıldaq yolu ilə ələ keçirib. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat veriblər.

Cinayətin qurbanı 1978-ci il təvəllüdlü paytaxt sakini E.Rəsulova olub. Qadın avqustun 4-də sözügedən rayonun 26-cı polis bölməsinə müraciət edib. Onun sözlərinə görə, bu ilin yanvarında sevgilisi, 1956-cı il təvəllüdlü M.Seyidov onda 100 min manat pulun olmasından xəbər tutub. Seyidov Rəsulovaya yalvarıb ki, bu pulu ona versin. Kişi Rəsulovaya bu pula restoran alacağını deyib. Zərərçəkənə də söz verib ki, nəinki pulu qısa müddətdə geri qaytaracaq, həm də ona restoranın fəaliyyətindən əldə olunan gəlirdən faiz veriləcək.

Yarım il keçməsinə baxmayaraq, Seyidov nə restoran alıb, nə də qadının pulunu geri qaytarıb. Seyidovun onu aldatdığını başa düşən qadın, indi pulunu geri almaq üçün asayiş keşikçilərindən yardım istəyir.

Rəsulova keçmiş sevgilisinə qarşı cinayət işinin açılmasını tələb edir.

Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Seyidovun əməlində cinayət tərkibi axtarır.