HADİSƏ

Azərbaycanda qorxulu hadisə gözlənilir: Polisə və ictimaiyyətə müraciət olundu

Masallı sakini: "İçi özüm qarışıq, hamı onu gözləyir ki, gəlsin, vurub öldürək"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Oğlumun qatili Masallıya gəlir, hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, nəzərə alsınlar. Bu gün axşam rayonda olmalıdır. İçi özüm qarışıq, hamı onu gözləyir ki, gəlsin, vurub öldürək".

Bu sözləri Sputnik Azərbaycan-a, 2013-cü ildə Rusiyanın Çita şəhərində qətlə yetirilən, 1973-cü il təvəllüdlü azərbaycanlı sahibkar Samid Şahbazovun anası Zivər Kərimova deyib. O bildirib ki, oğlu 2013-cü ildə şəriki Müdrət Mahmudov tərəfindən öldürülsə də, bu günə kimi qatil cəzalandırılmayıb.

Samid Şahbazov

Qadının sözlərinə görə, Müdrət Mahmudov Samid Şahbazov dünyasını dəyişdikdən sonra onun bütün əmlakına sahib çıxıb: "Aradan 5 il keçməsinə baxmayaraq Müdrət Mahmudov Masallıya gəlməyib. İndi rayona bacısı oğlunun toyuna gəlir".

"Mən polisə də xəbər vermişəm. Ürəyim yanır, əlimə silah keçsə, özüm onu öldürəcəyəm. Balamı öldürüb, bütün əmlakına sahib çıxıb, özü üçün yaşayır, azadlıqdadır. Qoy hər kəs başımıza gələnlərdən xəbərdar olsun" — deyən Zivər Kərimova daxili işlər naziri Ramil Usubova müraciət edərək, həmin şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş edir.

Zərəçəkmişin hüquqi nümayəndəsi Səməd Vəkilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Samid Şahbazovun qətl işi ilə bağlı cinayət işi Rusiya Federasiyası Baş Prokurorluğunun nəzarətində olsa da, hələ də ciddi irəliləyiş əldə etmək mükün olmayıb: "Lakin proses davam edir və cinayət işinin obyektiv həll olunmasına nail olacağımıza ümid bəsləyirik".

Yoldaşı Nataliya Fidosiyeva

Xatırladaq ki, hadisə 2013-cü ilin mart ayının 28-i səhər saatlarında Rusiyanın Çita şəhərində Georgiya Kostina küçəsində baş verib. Evdə mərhumun 17 və 30 yaşlı bacısı oğlanları olub. Onlardan biri çöl qapını açıb bayıra çıxmaq istəyərkən evə iki maskalı şəxs soxulub. Maskalı şəxslər odlu silahı mərhumun başına dirəyərək ondan külli miqdarda pul tələb ediblər.

Bacısı oğlanları və Samid Şahbazov silahlılara müqavimət göstəriblər. Bu zaman maskalı şəxslərdən biri atəş açıb. Ürəyindən mərmi alan Samid Şahbazov hadisə yerində keçinib. Mərhumun 30 yaşlı qardaşı oğlu maskalı şəxslərin əlindən silahı ala bilsə də, onlar hadisə yerindən qaçıblar.

Anası Zivər Kərimova

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdən qətldə istifadə olunan kustar üsulla hazırlanmış tapança götürüblər. Faktla bağlı Rusiya Cinayət Məcəllənin 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, Rusiyada qətlə yetirilən iş adamı Samid Şahbazovun ölümü ilə bağlı başlanan cinayət işi hələ də yekunlaşmayıb. Buna səbəb qalmaqallı qətlin sifarişçilərinə qarşı sübutların tam olaraq istintaq orqanlarına çatdırılmamasıdır.

Qeyd edək ki, Çita şəhərində sahibkarlıqla məşğul olan Samid Şahbazov əslən Masallı rayonundandır və Rusiya vətəndaşıdır. Onun Rusiya Federasiyası, Çita şəhərində ərzaq məhsullarının topdansatışı bazası və yanacaqdoldurma məntəqəsi varmış. Yanacaqdoldurma məntəqəsini keçmiş həyat yoldaşı Nataliya Fidosiyeva ilə birlikdə idarə etsə də, qadın ona şərik deyilmiş. Sadəcə, birgə nikahdan doğulan qızları Şahbazova Əminə Samid qızına maddi yardım göstərmək məqsədilə qazancının 50 faizini Fidosiyevaya verirmiş.