İsrail Qəzzanı "ac" saxlamaqda davam edir

İsrail dəniz qüvvələri Qəzzaya tətbiq olunan embarqonu yarmaq məqsədilə İsveçdən yola çıxan "Azadlıq" adlı gəmini dayandırıb və Aşdod limanına aparıb
Sputnik

BAKI, 5 avqust — Sputnik. İsrail dəniz qüvvələri Qəzzaya tətbiq olunan embarqonu yarmaq məqsədilə İsveçdən yola çıxan "Azadlıq" adlı gəmini dayandırıb və Aşdod limanına aparıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Qəzzaya tətbiq olunan mühasirəni qırmağı hədəfləyən bir gəmini dayandırdıqları bildirilib.

Dayandırılan gəminin beynəlxalq hüquqa uyğun şəkildə saxlanıldığı iddia edilən açıqlamada humanitar yardımları Aşdod limanı üzərindən Qəzzaya apara biləcəkləri deyilib. 

İsrail səfiri şimal-qərb bölgəsinə səfər edib

Qeyd edək ki, gəmiylə əlaqə dünən axşamdan bəri kəsilmişdi. İsrail qüvvələrinin gəmiyə müdaxilə edəcəyindən narahatlıq duyulduğu da qeyd edilmişdi.

Qəzzaya tibbi ləvazimat daşıyan və İsveç bayrağı altında üzən gəmidə ikisi jurnalist olmaqla 5 ölkədən 12 nəfər olub.

İsrail keçən həftə Qəzzadakı mühasirəni qırmaq məqsədilə Norveçdən yola çıxan bir gəmiyə də müdaxilə etmişdi. Gəmidəki könüllülərdən isveçli aktivist Divana Levrini hadisədən 4 gün sonra ölkəsinə qayıdarkən həbsdə saxlanıldıqları zaman İsrail qüvvələrinin işgəncələrinə məruz qaldıqlarını söyləmişdi.