BAKI, 4 avqust — Sputnik. "Dünən axşama qədər səbr etdik. Mən də bu gün göstərişi verirəm. ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinin Türkiyədəki əmlaklarına həbs qoyacağıq".
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan deyib: "Xarici siyasətdə son zamanlar məlum prosesləri sizlər də təqib etdiniz. ABŞ-ın xüsusilə rahib Branson hadisəsi ilə bağlı atdığı addım bir strateji tərəfdaşa yaraşmayacaq addımdır. ABŞ bu addımla yanaşı əslində Türkiyəyə qarşı ciddi bir hörmətsizlik edib".
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib. Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək "rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu" bildirib.
Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib. "Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir" — deyə Türkiyə tərəfi bəyan edib.
Onu da bildirək ki, ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. Bundan sonra sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.