CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Partlayışla bağlı cinayət işi açıldı, cavabdehlər axtarışa verildi

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Sputnik

BAKI, 3 avqust — Sputnik. İyulun 28-də saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində "DAF" markalı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən çənin partlaması nəticəsində orada usta işləyən Müsü Məlikov, Akif Quliyev, Rövşən Məlikov və avtomobilin sahibi Fərhad Rüstəmovun yanıq xəsarətlərindən ölmələri faktına görə Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, aparılan istintaqla müəyyən edilib ki,, üzərlərinə yanğın təhlükəsizliyinə cavabdehlik vəzifəsi qoyulan MMC-nin vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi, elektrik qaynaq işləri zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulmaqla bilik və təcrübəsi yoxlanılmadan, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təchiz olunmadan işçilər qaynaq işlərinə cəlb olunub.

İş üzrə qaynaq və digər odlu işlərin görüləcəyi ərazidə və binalarda yanğın təhlükəsizliyinə cavabdehliyi öz üzərinə götürən MMC-nin baş mühasibi Elçin Salmanov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, iş üzrə MMC-nin direktoru Səyavuş Qurbanzadə və yanğın təhlükəsizliyinə cavabdeh Hüseyn Kazımov Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.