BAKI, 2 avqust — Sputnik. Son baş verənlər böyük dövlət olmağın coğrafi, iqtisadiyyat və hərbçilərinin sayı ilə olmadığını bütün dünyaya göstərdi. Sputnik Azərbaycan "Sondakika"ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi barədə qərarını şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Fuad Oktay bildirib.
"Son baş verənlər böyük dövlət olmağın coğrafi, iqtisadiyyat və hərbçilərinin sayı ilə olmadığını bütün dünyaya göstərdi. Böyük dövlət olmaq, beynəlxalq hüquq çərçivəsində hərəkət etməyi, əldə olunan razılaşmalara, ədalət və hörmətə sadiq qalmağı, xalqın maraqlarını ayrı-ayrı qrupların maraqlarından üstündən tutmağı və daima məzlumların yanında olmağı gərəkdirir. Biz bayrağı, vətəni və milləti ilə birlikdə böyük dövlətik. Böyük dövlət olaraq Prezidentimizin liderliyi ilə lazım olanı bir tərəddüd etmədən edəcəyik", — deyə Oktay qeyd edib.
Qeyd edək ki, ötən gün "Bloomberg" mənbələrə istinadən məlumat yayıb ki, ABŞ Türkiyənin fiziki və hüquqi şəxslərinə qarşı sanksiya hazırlayır. Məlumata görə, hazırlanan sanksiyalar Donald Tramp administrasiyasının qərarı ilə Türkiyə hakimiyyəti tərəfindən ABŞ vətəndaşları və bu ölkənin diplomatik missiyasının əməkdaşlarına qarşı cinayət təqibi səbəbindən tətbiq oluna bilər.