TƏHLİL

Tikintisi başa çatmamış binalardan mənzil almayın, ciddi təhlükələr gözlənilir

İnşaası yarımçıq qalmış binalar təhlükə mənbəyidir, 1-2 il sonra qışda soyuqdan, yayda isə istidən korroziyaya uğrayır
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Bir çox ölkələrdə yaşayış üçün nəzərdə tutulmuş binalar (istisnalar olmaqla) tam tikilib başa çatmamış binadakı mənzillərin satışına icazə verilmir. Azərbaycanda isə bu, tam əksinədir. Paytaxtda elə binalar var ki, tam tikilib istismara verilməmişdən mənzilləri satılıb. Bu, azmış kimi, artıq həmin binalarda mənzil alan vətəndaşlar evlərini təmir ediblər, binalarda yaşayış da var.

Son zamanlar yaşayış olmasına baxmayaraq, tam təhvil verilməmiş binalarda bəzi bədbəxt hadisələr baş verir. Canından bezən, yaşamaq istəməyən insanlar rahat şəkildə həmin binalara daxil olaraq intihar edirlər.

Belə hadisələrdən biri ötən müddətdə Yeni Yasamal qəsəbəsində, "Şərur" MTK-ya məxsus 24 saylı binada baş verdi. Sözügedən bina tam təmir edilmədən, insanların istifadəsinə icazə verilib. Blokda qapıların şifrəli olmaması da istənilən hər kəsin binaya daxil olmasına imkan yaradır.

Nəzarətsiz və mühafizəsiz binalarda acıq blok qapıları, hər kəsin çıxıb-düşə biləcəyi damlar, həmçinin binada yaşayan vətəndaşların həyatı üçün də təhlükəlidir. Tikinti eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, tikinti təhlükəsizliyi baxımından tam təhvilə hazır olmayan binalarda təmirə və yaşayışa icazə verilməməlidir.

"Bakı şəhərində son 15 ildən üzü bu günümüzə qədər yüzlərlə yeni tikili binalar inşa edilib və inşa edilməkdədir. Əksər binalar tikilib tam təhvil verilsə də, xeyli binalar var ki, tam yaşayışlıdır. Buna baxmayaraq, tikinti şirkətləri hələ də öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir".

"Alqı-satqı müqaviləsində tikinti şirkətləri binanın hansı müddətə tikilib təhvil veriləcəyi tarixi, təhvil verdikdən sonra qaz, su, işıq və digər kommunikasiya ilə təmin edəcəyi öhdəliklərini öz üzərinə götürür. Günümüzün ən böyük problemlərindən biri də tam yaşayışlı binalarda hələ də təmir işlərinin getməsi və binaların qazla təmin olunmamasıdır" – deyə ekspert əlavə edir.

E.Fərzəliyev bildirir ki, tikinti şirkətləri mənzili satarkən vətəndaş qarşısında digər öhdəliklər kimi mənzilin qazla təmin olunacağı öhdəliyini də götürür: "Lakin təkcə Bakı şəhərində xeyli sayda binalar var ki, sakinlərin şikayətlərinə baxmayaraq, hələ də mənzilləri qazla təmin olunmur. Qazsız binaların sakinləri qazın olmaması səbəbindən hər ay əlavə olaraq elektrik enerjisinə xeyli məbləğdə pul ödəməli olurlar".

Müsahibimizin sözlərinə görə, ən böyük təhlükələrdən biri də ondan ibarətdir ki, qazsız mənzillərdə elektrik naqilləri artıq dərəcədə yüklənərək sıradan çıxır və bu da istənilən vaxt qısaqapanma və yanğına səbəb ola bilər: "Vətəndaşlar bu cür hallarda Mülkü Məcəllənin əqdlər və öhdəliklər fəsillərindəki maddələri əsas tutaraq, tikinti şirkətlərini məhkəməyə verib, kompensasiya tələb etmək hüququna malikdirlər".

"Yarımçıq qalmış binalar təhlükə mənbəyidir, 1-2 il sonra qışda soyuqdan, yayda isə istidən korroziyaya uğrayırlar. Bina vaxtında tikilib başa çatmalıdır. Çünki, onun içindəki temperatur, binanın üzlənməsi və s. binanın möhkəmliyinə təsir edir. Bunlar binanın korroziyaya uğramasının qarşısını alır. Amma bina ildən-ilə yarımçıq qaldıqca, təhvil verilmə müddəti uzandıqca, orda aşınma faizi çoxalır" — Fərzəliyev vurğulayır.

Müsahibimiz məsləhət görür ki, vətəndaşlar ancaq tikintisi tam başa çatmış binalardan mənzillər almalıdırlar: "Yarımçıq qalan mənzillər nəinki vətəndaşın cibinə, eləcə də onun gələcəkdə həyat tərzinə təhlükə yaradır. Əgər fikir vermisinizsə, sovet binalarının damı içəridən bağlı olur və oranın açarı ya sakinlərdən birində, ya da binanın komendantında olur. Vacib nəsə olanda ora açılır".

"Amma indi yeni binaların əksəriyyətində bu, yoxdur. Yəni kim istəsə, dama qalxa bilir. Bu da sakinlər eləcə də, digər vətəndaşlar üçün təhlükəlidir. Məsələn, intihar etmək istəyən insanlar asan şəkildə belə binalara daxil olub, istədiklərini edə bilərlər. Buna görə də, bina istismara verildiyi zaman ilk növbədə damı içəridən bağlanmalıdır" – o, əlavə edir.

Ekspertin dediyinə görə, birinci kommunikasiya xətləri qoşulmalı və liftlər işlək vəziyyətdə olmalıdır ki, yaşayış mümkün olsun: "Ancaq elə binalar var ki, 16-cı mərtəbə tikilir, amma beşinci mərtəbəsində yaşayış var. Belə hallara müvafiq qurumlar icazə verməməlidir".

Hüquqşünas Fərid Həmidli də mövcud problemi Sputnik Azərbaycan-a şərh edib. Onun sözlərinə görə, müqavilələrdə çox şey yazılır, amma bu, o demək deyil ki, hamısına əməl edilir.

"Tikinti şirkəti və yaxud da yaşayış kooperativinin yaradıcıları tərəfindən çox vaxt verilən vədlərə əməl edilmir. Ona görə də, birbaşa aydın, şəffaf şəkildə müqavilələr olmalıdır. Sonda əlavələr olmalıdır ki, alıcı nə şərtlər irəli sürür və satıcı bu şərtə necə əməl edəcək" — Həmidli bildirir.

Hüquqşünasın sözlərinə görə, bizdə müqavilələrin əksər formaları, istər kommunal təsərrüfatda, istər də digər sahələrdə çox vaxt birtərəfli olur: "Yəni, istehlakçı üçün şərait yoxdur. Bu, birtərəflilik, boşluq bina tikilib başa çatdıqdan sonra, istismar zamanı üzə çıxır".

Mütəxəssis qeyd edir ki, tikintisi başa çatmayan bina tam istismara verilənə qədər yaşayışa icazə verilməməlidir: "Bu, insanların sağlamlığı üçün təhlükəlidir. Belə vəziyyətdə tikinti sahəsində hər hansı bir bədbəxt hadisə baş versə, tikinti şirkəti məsuliyyət daşıyacaq".

"Tikinti şirkəti birmənalı olaraq müqavilədə qeyd etdiyi vaxtda binanı vəd etdiyi kimi təhvil verməlidir. Əgər şirkət bunu bacarmırsa, artıq məsuliyyət başlayır. Sakinlər məhkəməyə müraciət edib, haqqlarını tələb edə bilərlər" — deyə F.Həmidli vurğulayır.