ABŞ Senatı Türkiyəyə qarşı sanksiya qərarı qəbul edib

Sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək
Sputnik

BAKI, 2 avqust — Sputnik. ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib.

"Bizimlə heç kəs təhdid dili ilə danışa bilməz" – Ərdoğan

Bundan sonra sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib. Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək "rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu" bildirib.

Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib. "Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir" — deyə Türkiyə tərəfi bəyan edib.