CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda mühüm sirrin izinə düşülüb, yaxında böyük həqiqət ortaya çıxacaq

Tədqiqatçı: "Abidənin inşa dövrünün tam müəyyənləşdirilməsi üçün xam təbəqəyə qədər tədqiqatlar aparılmalıdır
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib. 2017-ci ildə abidənin türbə deyil, Qafqaz Albaniyasına məxsus alban-xristian abidəsinin zəng qülləsi olduğu məlum olub.

Ötən il aparılan arxeoloji qazıntılar zamanı abidənin qurbangah hissəsi, həmçinin ibadət hissəsinin bir hissəsi tədqiqata cəlb edilmişdi. Azərbaycan Milli Elmlər akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, bu il kilsənin zal hissəsi tamamilə aşkar olunub.

N.Alışov bildirib ki, 2 metr hündürlüyü olan tökmə torpaq təbəqə aradan götürülüb və onun bişmiş kərpicdən hazırlandığı məlum olub. Bununla yanaşı, kilsənin zəng qülləsinin daxilində də tədqiqatlar aparılıb. Həmin yerdə yaşayış yerini xatırladan ocaq izlərinə rast gəlinib.

Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib

Arxeoloqun sözlərinə görə, abidənin şimal qapısının olduğu da aşkarlanıb. Şimal qapısının 4 tağ üzərində qurulduğu və döşəməsinin çiy kərpicdən olduğu məlum olub.

Üstəlik, aparılan arxeoloji tədqiqatlar nəticəsində döşəmədə dağıntı əlamətlərinə rast gəlinib: "Dağıntıların səbəbini araşdırarkən burada şərq-qərb istiqamətində daş sarkofaq aşkar edildi. Onun piltəsi tədqiqata cəlb edilən vaxt məlum oldu ki, həmin qəbir abidəsi vaxtilə dağıdılıb. Çünki piltə sındırılmış, bir hissəsi isə tərsinə qoyulmuşdu".

Alışov tədqiqatlar nəticəsində, həmçinin saxsı keramika nümunələrinə, kirəmitə, kapitellərə və digər tikinti avadanlıqlarına rast gəldiklərini də qeyd edib: "Abidənin memarlıq quruluşunun tam şəkildə olmasa da, 70%-i memarlıq nöqteyi-nəzərindən tədqiqatını artıq yekunlaşdırmışıq. Ancaq biz burada xam təbəqəyə qədər qazıntı işlərini davam etdirməliyik. Yəni, abidənin inşa dövrünün tam müəyyənləşdirilməsi üçün xam təbəqəyə qədər tədqiqatlar aparılmalıdır".

"Gələcək illərdə də bu tədqiqatlar davam edəcək. Çünki, biz artıq gələcəkdə abidənin kompleks tədqiqini nəzərdə tuturuq. Artıq abidənin ibadətgahının döşəmə hissəsinə çatmışıq. Onun barı hissəsində olan maddi mədəniyyət nümunələrinin aşkar edilməsi istiqamətində işlərimiz davam edəcək" — deyə arxeoloq əlavə edib.

Sirli qəbirlər açıldı, skeletlər ekspertizaya göndərildi, hər kəs intizarla rəyi gözləyir

Arxeoloqun fikrincə, bu abidədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanda arxeoloji turizmin inkişafı, regionda dini rəngarəngliyin mövcud olması, abidənin qorunaraq gələcək nəsillərə ötürülməsi mövzusunu daha da aktuallaşdırır. Bu da onu göstərir ki, Qafqaz Albaniyasındakı müstəqil Alban katolikosluğu dövrünə aid, xristian dinini özündə əks etdirən yüzlərlə yerüstü və yeraltı abidə öz tədqiqini gözləyir.

Qeyd edək ki, abidə kənd sakini Elşad Dabaxovun həyətində yerləşir. Kənd sakini bildirib ki, illərdir bu abidəni qoruyur, ətrafında təmizlik işləri aparır: "Nə mən, nə də həyat yoldaşım işləyir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm ki, onsuz da bu abidəyə mən baxıram. Abidəyə qulluq edən mənəm, maaşı alan isə onların müəyyən etdiyi şəxslərdir. İldə bir-iki dəfə gəlirlər, baxıb gedirlər. Bu da olur onların mühafizəsi".