Avtomobil və mobil telefonlar bahalaşacaq - Rüsumlar artırıldı

Minik avtomobilləri və mobil cihazların qeydiyyata alınmasına görə yeni rüsumlar müəyyənləşib
Sputnik

BAKI, 2 avqust — Sputnik. Baş nazir Novruz Məmmədov "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin və "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin təsdiq edilməsi barədə qərar verib.

Bankların girovluğunda olan avtomobillərlə bağlı müdhiş faktın üstü açıldı

Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən, "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi, haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" (1 saylı əlavə),"Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" (2 saylı əlavə) təsdiq edilib.

Xatırladaq ki, bu normativ hüquqi akt (bundan sonra – akt) "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanıb.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

Qeyd olunur ki, minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Bu aktın məqsədləri üçün minik avtomobili dedikdə, sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi nəzərdə tutulur.

Bu aktda istifadə olunan digər anlayışlar "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

2000 kubsantimetrədək, mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat, 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat, 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat, 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat, 5000 kubsantimetrdən çox olduqda 1500 manat.

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0, istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8, istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3 manat müəyən edilib.

Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı

Qərarın 2 saylı əlavəsində isə mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri müəyyənləşdirilib. Qərara görə foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat.

Qeyd edək ki, indiyədək bazar qiymətindən asılı olmayaraq mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.

Avtomobillərin öncəki rüsumlarına gəldikdə isə, yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, daha əvvəl fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə heç bir rüsum nəzərdə tutulmamışd.

"Sadəcə, alqı-satqı əməliyyatının notarial qaydada həyata keçirilməsi üçün 50 manat məbləğində rüsum vardı" — deyə ekspert bildirib. O, məsələni daha geniş şəkildə gün ərzində şərh edəcəyini də əlavə edib.