HADİSƏ

İndi də başqa rayonlarımızda meşələri alov bürüyüb

Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub
Sputnik

BAKI, 2 avgust — Sputnik. Ötən gecə saat 02:30 radələrində Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri (200-dən çox şəxsi heyət və 20 texnika), Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.

Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, artıq neçə gündür Respublikanın şimal bölgəsində güclü yanğın davam edir. Yanğınların xeyli hissəsi söndürülsə də, bəzi ərazilərdə alov və tüstüləmə müşahidə olunur.