CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropoliteni: Köhnə qatarlar yeni kondisionerli qatarlarla əvəz ediləcək

Bəxtiyar Məmmədov: "Yaxın gələcəkdə bir neçə stansiyanın da tikilməsi nəzərdə tutulub"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Tarif Şurasının qərarı ilə avqustun 1-dən etibarən avtobus və metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Bu artım sərnişin daşıma şirkətləri ilə "Bakı Metropoliteni" QSC-nin Tarif Şurasına müraciəti nəticəsində baş verib.

Bəs, Metropoliten gediş haqlarının artırılmasını necə şərh edir? Hansı zərurət bunu meydana çıxardı və qiymət artımı keyfiyyət artımına təsir edəcəkmi? Sputnik Azərbaycan-ın əməkdaşı bu və digər suallar ətrafında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla həmsöhbət olub.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov

- Bir müddət öncə sizə sual ünvanlananda ki, "Bakı Metropoliteni gediş haqlarını qaldıracaqmı", birmənalı şəkildə cavab verilmişdi ki, "qiymət artımı qurumun gündəmində deyil". İndi hansı zərurətdən gediş haqqı artırıldı?

— Biz sərnişindaşıma xidməti göstərən bir qurum olaraq həmişə sərnişinlərə açıq olmuşuq. Biz hər il maliyyə hesabatlarımızı da dərc edirik. Müvafiq qurumlara hesabatlar və məlumatlar veririk. Bu yaxınlarda da maliyyə hesabatımız dərc olunmuşdu. Həmin sənədlərə əsasən bir sərnişin daşınmasının maya dəyəri 47 qəpiyə başa gəlir. Bu xərcə istismar xərcləri daxildir. Tunellərin və stansiyaların tikilməsi, vaqonların alınması və ya əsaslı təmir olunması buna daxil deyil. Onu da qeyd edim ki, yenə də Azərbaycanda metronun gediş haqqı dünyanın bir çox ölkələrində metro gediş haqları ilə müqayisədə ucuzdur.

- Axı, Bakı metrosu həmin o dünya ölkələrində fəaliyyət göstərən metrolar qədər rahat və keyfiyyətli xidmət göstərmir…

— Son illər Bakı Metropoliteninin infrastrukturunun daha da təkmilləşdirilməsi, yeni qatarların alınması istiqamətində işlərə başlanılıb. Köhnə qatarlar istismar müddətini başa vurduqdan sonra onlar kondisionerli qatarlarla əvəz ediləcək. Yeni vaqonların alınması iki halda mümkün ola bilir:

Şirkətlər gediş haqlarının hələ də aşağı olduğunu düşünür, vətəndaşlar isə artacağını

Birinci halda — köhnə vaqonlar istismar müddətini başa vurduğu zaman. Bir vaqonun istismar müddəti 31 ildir. Köhnə vaqonlar istismar müddətini başa vurduqdan sonra onlar yeniləri ilə əvəz olunacaq.

İkinci halda — əgər yeni stansiyalar istismara verilsə, tələbata uyğun olaraq yeni qatarlar da sifariş verilə bilər. Yəni yeni vaqonların hazırlanması sifariş əsasında olur.

- Qiymət artımı gəlirlərinizi də artıracaq. Bunun müqabilində Yeni stansiyalar tikiləcək?

— Metro tikintiləri davam edir. Hal-hazırda hərbi hospitalın arxasında yeni metrostansiyamız tikilir. 2019-cu ilin sonu — 2020-ci ilin əvvəlində bu stansiyanın sərnişinlərin istifadəsinə veriləcəyi gözlənilir. Yaxın gələcəkdə bir neçə stansiyanın da tikilməsi nəzərdə tutulub ki, bununla bağlı konkret məlumatlar olarsa, ictimaiyyətə məlumat veriləcək.