BAKI, 1 avgust — Sputnik. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonaya yollanan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib. General-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.