İQTİSADİYYAT

Nazirliyin sözçüsündən əkinçilərə vacib müraciət

Anar Hüseynov: "Biçilmiş əraziləri yandırmayın"
Sputnik

BAKI, 31 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov kənd təsərrüfatı ilə məşğul olanlara, xüsusilə əkinçilərə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, o, fermerləri biçin yerlərini yandırmamağa çağırıb:

"Torpağın mikroflorası milyon illər ərzində formalaşır, insan isə onu bir gündə məhv edə bilir. Biçindən sonra taxıl sahələrini yandıran fermerlər anlamalıdırlar ki, torpağın həyat qabiliyyətini aşağı salırlar, yanğın o torpağın strukturunu kökündən dəyişir. Yanmış torpaqda nə kalium, fosfat, azot kimi faydalı elementlər qalır, nə də xeyirli bakteriyalar. Üstəlik bitkiçilikdə zərərvericçilərə qarşı mübarizədə əsas dostu olan faydalı həşəratlar da yanğında məhv olurlar. Kövşənliyə od vuran fermer bir il sonra həmin sahədən daha az məhsul götürür, sonra ya əkindən imtina edir, ya da xeyli əlavə vəsait xərcləyərək torpağa yenidən kimyəvi gübrə verməli olur. Hər iki halda səbəb biçin yerlərinin yandırılmasıdır. Fermer samana od vurmasa, əksinə samanı xırdalayıb, əkin sahəsinə versə, həm torpağı qidalandırar, həm münbitliyini qoruyar, həm də gələn il daha çox məhsul götürməyi qarantiya altına almış olar. Bir sözlə, biçilmiş əraziləri yandırmayın"