HADİSƏ

Şimal bölgəsində tüğyan edən yanğının bir hissəsi söndürülüb

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə tüstülənmə mənbələri müşahidə olunur
Sputnik

BAKI, 31 iyul — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş verən yanğınlar söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri hadisə rayonuna cəlb olunub.

Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.​