CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni qalmaqallı iddia: Bakı Metropolitenində nələr baş verir?

Rəsmi qurum hay-küyə səbəb olacaq iddianı qəti şəkildə təkzib edir
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. ""Bakı Metropoliteni"ndə ixtisarlar olub. Artıq bir sıra stansiyalarda nişanverici-qatar qəbul edən xanımlar işdən çıxarılıb. Metrpoliten rəhbərliyi bildirib ki, bu xidməti göstərən işçilərə ehtiyac yoxdur".

Bakı Metropoliteni: Bir sərnişindaşımanın istismar xərcləri 47 qəpikdir

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-də çalışan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, həmin şəxslərin işdən çıxarılması heç də hansısa nöqsanları, yaxud yerlərinə daha peşəkar kadrların götürüləcəyi ilə əlaqədar deyil.

"Rəhbərlik, sadəcə ixtisarlara başlayıb. Açıq şəkildə deyirlər ki, "bu qədər işçiyə, qatar qəbul edib-yola salan xanım əməkdaşlara isə, ümumiyyətlə ehtiyac yoxdur, maşinistlər özləri vəziyyəti idarə edə bilərlər". Nəticədə hazırda 3 stansiyada bir nəfər də qatar qəbul edib-yola salan əməkdaş qalmayıb" — deyə mənbə bildirib.

Onu da qeyd edib ki, ixtisarlar Metrpolitenin digər sahələrində çalışan insanlardan da yan keçmir: "Hazırda işçilər səksəkə içərisindədirlər ki, sıra onlara da çatacaq. Qısası, hazırda rəsmən ştat ixtisarları gedir".

Sputnik Azərbaycan məsələni araşdırmaq üçün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O, məsələyə belə münasibət bildirib:

"Hazırda, sadəcə sistem yenilkləri edilir. Əmək funksiyalarında, iş bölgüsündə yeniliklər ediləcək. Dövrün tələbləri nəzərə alınacaq. İşçilərin ixtisası, bilik və bacarığından düzgün və səmərəli istifadə olunması da bu prosesin tərkib hissəsidir.

"Nəsimi" metrostansiyasında cəmi 1 nəfər qatarları qəbul edib-yola salan əməkdaş nəzarətçi vəzifəsinə keçib ki, o da yaş həddi ilə əlaqədardır. Dövr dəyişir, texnologiya inkişaf edir, iş şəraitinin tələbləri dəyişir. 60-70-ci illərin tələbləri ilə indiki dövr eyni deyil. Bu, metroda da öz əksini tapır.

Yəni, Metropolitendə işçi ixtisarı getmir. Elə bir şey yoxdur. Cəmi 1 nəfər yaş həddinə görə nəzarətçi vəzifəsinə keçib. Hər kəs öz yerində qalacaq. Aparılacaq islahatlar isə kiminsə işdən çıxması ilə nəticələnməyəcək".