HADİSƏ

Azərbaycanda 100 hektar ərazini yanğın bürüyüb

İlkin hesablamalara görə, yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb
Sputnik

BAKI, 31 iyul — Sputnik. Altıağac Milli parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin aviasiya dəstəsinin qüvvələrinin səyləri nəticəsində 30 iyul 2018-ci il tarixində gecə saatlarında söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O, bildirib ki, hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bakıda məşhur biznes mərkəzində yanğın olub

Qeyd edək ki, yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstəriblər. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir. 

İlkin hesablamalara görə yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb.

Yanğının baş verməsində şübhəli bilinən şəxslərin müəyyən edilməsi, qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Altıağac Milli Parkı tərəfindən müvafiq sənədləşmə işləri aparılıb və hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, 28 iyul 2018-ci il tarixində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçmişdi.