İQTİSADİYYAT

Hüseynov: “Bazardakı tütün məmulatlarının 10 faizi qaçaqmal yolu ilə gətirilib”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, xarici brend adı altında satılan içkilərin bəzisi naməlum mayelərdən hazırlanır
Sputnik

Eyyub Hüseynov: “Ölkədə qaçaqmal yolu ilə gətirilən məhsulların miqdarı azalacaq”
Gələn il Azərbaycanda tütün məmulatları, alkoqollu içkilərin istehsalı, idxalı və satışına nəzarət üçün Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sistemi yaradılacaq. Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, belə bir sistemin yaradılması ilə tütün məmulatları, alkoqollu içkilər tam nəzarət altında olacaq: 

“Hazırda bazarda olan tütün məmulatlarının 10 faizi qaçaqmal yolu ilə gətirilir. Alkoqollu içkilərə də tam nəzarət olunmur. Xarici brend adı altında satılan içkilərin bəzisi naməlum mayelərdən hazırlanır, atılmış qablara doldurulur. Bu sistemin yaradılması ilə bu cür neqativ hallara son qoymaq olar. Düşünürəm ki, bununla ölkədə qaçaqmal yolu ilə gətirilən tütün məmulatları və alkoqollu içkilərin miqdarı azalacaq”.