HADİSƏ

Novruz Məmmədov özünü körpüdən atmaq istəyən vətəndaşı necə xilas etdi - TƏFƏRRÜAT

Ərazidən keçən Novruz Məmmədov nəyin baş verdiyi ilə maraqlanıb və ona bildirilib ki, intihara cəhd hadisəsi var
Sputnik

BAKI, 30 iyul — Sputnik. "Baş nazir Novruz Məmmədov Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə bir nəfərin çıxaraq intihara cəhd etməsi xəbərini eşitdikdən sonra yolunu dəyişərək həmin əraziyə gedib".

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli açıqlama verib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında baş verib.

İntihara cəhd edən adam

"Səhər saat 6.00-da yol bağlanıb və sürücülər yol polisi tərəfindən Zığ şosesinə yönləndirilib. Novruz Məmmədov nəyin baş verdiyi ilə maraqlanıb və ona bildirilib ki, intihara cəhd hadisəsi var. Bundan sonra baş nazir kortecin Heydər Əliyev prospekti istiqamətində yönləndirilməsini istəyib" — deyə A.Əli bildirib.

NK sözçüsünün dediyinə görə, baş nazir hadisə yerinə gəlib və intihar edən şəxslə telefon danışığı aparıb: "Baş nazirin telefon danışığı zamanı məlum olub ki, intihara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur. Həmin şəxs bildirib ki, iki övladını, ailəsini tapa bilmir və onları tapa bilmədiyi üçün intihara cəhd edib".

Baş nazirlə danışdıqdan sonra Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub: "Baş nazir onun problemini daha dərindən öyrənib və həll edilməsi üçün müvafiq qurumlara tapşırıq verib. Hazırda həmin şəxsin ailəsinin uşaqlarının tapılması üçün iş görülür. Nəticəsi barədə məlumat veriləcək".

Bakıda intihar tıxacı: Şəhərin bir hissəsi kilidləndi

Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac yaşanıb. Buna səbəb bir nəfərin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxması olub.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Səhər 08.50 radələrində hadisə ilə bağlı məlumat yayan Ağayev bunları qeyd edib: "Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var. Tıxac əsasən Heydər ƏLiyev prosketinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır".

Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Nəhayət, onu fikrindən daşındırmaq mümkün olub və yol ötürücüsünün üstündən endirilib. Hazırda faktla bağlı araşdırma aparılır.