HADİSƏ

Böyük öndəri təhqir edən qızı 4 il 6 ay həbs cəzası gözləyir

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün qəbirüstü abidəsində çəkdirdiyi təxribat xarakterli görüntünü sosial şəbəkədə paylaşan Səfiyə İnciyə qarşı məhkəmədə iddia qaldırılıb
Sputnik

BAKI, 28 iyul — Sputnik. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün qəbirüstü abidəsində çəkdirdiyi təxribat xarakterli görüntünü sosial şəbəkədə paylaşan Səfiyə İnciyə qarşı məhkəmədə iddia qaldırılıb.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadla xəbər verir ki, Atatürkün xatirəsini təhqir etdiyinə görə, ona 4 il 6 aya qədər həbs cəzasının verilməsi istənilib.

Ankara şəhər Baş Prokurorluğunun Mətbuat Cinayətlərinin İstintaqı Bürosunun əməkdaşı, prokuror Əhməd Dalğalının hazırladığı iddianamədə, Səfiyə İncinin Instagram hesabından paylaşdığı görüntüdəki ifadələr qeyd olunub və bu sözlərin Atatürkün xatirəsinə qarşı təhqir olduğu vurğulanıb.

İddianamədə qeyd olunub ki, Səfiyə İnci istintaqın gedişində bir anlıq düşüncəsizliyi ucbatından belə bir addımı atdığını deyib və peşman olduğunu bildirib. Şübhəli qismində saxlanılan İnciyə qarşı "Atatürkün Əleyhinə İşlənən Cinayətlər Haqqında Qanun"un tələbinə uyğun olaraq 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istənilib.

İddianaməni qəbul edən Ankara məhkəməsi Səfiyə İncinin həbsxanada nəzarətdə saxlanılması haqqında qərar çıxarıb.