CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qiymət artımının məntiqi izahı yoxdur…

Qurum rəsmisi bildirib ki, bu artım mövsümü xarakterlidir, noyabr ayı üçün yenə qiymətlər yenə aşağı salınacaq
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, 27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək. Belə ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılacaq.

Qatarların gediş haqqı tariflərindəki qiymət artımı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Həm sərnişinlər, həm də ekspertlər tərəfindən bu qiymət artımı ölkədə bir çox sahələrdə tariflərin artacağının göstəricisi kimi dəyərləndirilir.

Dəmiryolu işçisi Bakı-Tbilisi-Qarsın gəlir verməsinədək gözləmədi

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qiymətlərin 10 faiz artırılmasının heç bir məntiqi izahı yoxdur: "Əgər elektrik enerjisində qiymət artımı olsaydı, dəmiryollarında olan qiymət artımını başa düşmək olardı. Artıma səbəb olacaq hadisə baş verməyib. Ümumiyyətlə, bütün dünyada hökumətlər insanların dəmiryol nəqliyyatından istifadə etməyə sövq edir. Səbəb isə dəmiryollarının ekoloji baxımdan təmiz olmasıdır". 

İqtisadçı qeyd edib ki, ayrı-ayrı ölkələrdə stimullaşdırıcı tədbirlər görülür. Azərbaycanda da, bu istiqamətdə işlər görülməlidir: "Bakı ekoloji cəhətdən çox da təmiz şəhər deyil. Tıxacların qarşısının alınması məqsədilə ilə hökumət dəmiryol nəqliyyatına daha həssas yanaşmalıdır".

S.Əliyevin fikrincə, hökumət dəmiryol nəqliyyatını subsidiyalaşdırmalıdır: "Subsidiyalaşma odur ki, xidmət maya dəyərindən 50 faiz ucuza satılır. Geridə qalan 50 faizi xidmət üçün dövlət ödəyir. İndiki dövrdə bu istiqamətdə işlər aparılmalıdır. Hazırda qiymətin artırılması düzgün addım deyil. Qiymətin artırılması insanları yenicə üz tutduqları dəmiryolları nəqliyyatından uzaqlaşdıra bilər".

"Dövlət qurumları, Metropoliten, "Azərqaz" və s. qiymətləri artırdıqları zaman səbəb kimi göstərilən xidmətin maya dəyərinin baha başa gəlməsini göstərirlər. Amma heç vaxt maya dəyərinin necə formalaşdığı barədə məlumat vermirlər: "Bəlkə qurum 3 işçi əvəzinə 5 işçi işlədir. Bu, maya dəyərini şişirdir. Bunlar açıqlanmadığı üçün cəmiyyətdə qiymət artımının səbəbi şübhəli qalır" – deyə iqtisadçı vurğulayıb.

İqtisadçı qeyd edib ki, dəmiryollarında qiymət artımı digər sahələrdə qiymət artmasının xəbərçisidir. Belə ki, yaxın günlərdə yanacaq və elektrik enerjisinin qiyməti arta bilər.

Qiyməti kimin və niyə qaldırdığı bəlli deyil: Bu, artıq ASAN olmadı ki...

S.Əliyevin qənaətincə, yaxın zamanlarda nəqliyyat vasitələrində sərnişin daşımalarda qiymət artımı gözlənilsə də, indiki bu qiymət artımı digər nəqliyyat vasitələrinin qiymətinin artmasına səbəb olmayacaq. Yəni o sahədə qiymətlər artsa belə, bunu dəmiryollarında qiymətin artması ilə əlaqələndirmək olmaz. 

"Düzdür pis hadisə baş verəndə hamı iradını bildirir. Ancaq məncə, Mingəçevirdə baş verən yanğın hadisəsinin bir müsbət tərəfi oldu ki, elektrik enerjisində qiymət artımı bir qədər ertələndi" – ekspert deyib.

Dövlət Dəmiryolu İdarəsinin sərnişindaşıma departamentinin rəis müavini Mədət Şıxəmirov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qiymətlərin 10 faiz artımı cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, bu, mövsümi xarakterlidir: "Bayram günlərində dəmiryolları qiymətləri 10 qəpik də artırmayıb. Biz Bakı-Moskva qatarını ləğv etdik ki, vətəndaşlarımız ölkə daxilində rahat hərəkət edə bilsin".

M.Şıxəmirov qeyd edib ki, gediş haqlarının 10 faiz artırılması aşağı yerlərlə yuxarı yerlər arasında qiymət fərqini yaratmaq üçündür. Çünki bütün vətəndaşlar kassaya yaxınlaşan zaman aşağı yerlərə daha çox üstünlük verirlər.

"Bəzən olur ki, bəzi vətəndaşlar kupe götürmək istəyir. Ancaq ona bildirirlər ki, kupe qalmayıb, bütün aşağı yerlər doludur. Belə olanda vətəndaş məcbur olur ki, 4 nəfərlik ailə üçün iki kupedə yer götürsün. Dünya təcrübəsində olduğu kimi biz də bu təcrübəni tətbiq etdik ki, aşağı yerlə yuxarı yer arasında fərq yaransın" – qurum rəsmisi qeyd edib. 

Azərbaycanda gediş haqları artırıldı - YENİ QİYMƏTLƏR

M.Şıxəmirovun hesab edir ki, belə olan halda bilet satışlarında tənzimlənmə gedəcək: "Biz yuxarı yerlərin qiymətinə dəyməmişik. 2 manatlıq fərq var. Bu da istər-istəməz yer seçimində özünü göstərəcək. Ayın 27-dən sonra yerlərə baxdıqdan sonra görəcəyik ki, aşağı və yuxarı yerlərdə tənzimlənmə müşahidə edilir".

Şıxəmirovun sözlərinə görə, bu artım mövsümü xarakterlidir. Noyabr ayı üçün yenə qiymətlər yenə aşağı salınacaq: "Dəmiryollarında qiymətlər məsafəyə görə dəyişir, standart olmadığı üçün qiymət artımı vətəndaşları narahat etməməlidir".