MƏDƏNİYYƏT

Məşhur rusiyalı müğənni azərbaycanca oxuyacaq

Lybov Uspenskaya Polad Bülbüloğlu ilə duet yazdırıb
Sputnik

BAKI, 26 iyul — Sputnik. Məşhur rusiyalı müğənni Lybov Uspenskaya uzun müddətdən sonra Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğulayıb. Sputnik Azərbaycan xəbər verir ki, Uspenskaya “Jara-2018” musiqi festivalı zamanı yubileyini qeyd edəcək və bu zaman Azərbaycan dilində mahnı oxuyacaq.

Uspenskaya bildirib ki, Bakı tam dəyişib, böyüyüb və genişlənib: “Mən həmişə dostlarımın yanında öyünürəm ki, Bakıya gedirəm və şəhəri “Bakı stilində İtaliya” adlandırıram. Burada şərq stilinin qalması, eyni zamanda onun müasirliklə uzlaşdırılması məni çox sevindirir. Şəhərdən, insanlardan həzz alıram. Azərbaycanlılar çox inkişaf etmiş xalqdırlar”.

Müğənni etiraf edib ki, festivala 3 aydır hazırlaşır və çox həyəcanlı olub. O, azərbaycanlı tamaşaçılara hədiyyə də hazırladığını və bunun üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə “Çiçək, çiçək” mahnısına duet yazdırdığını qeyd edib: “Mən bu mahnını nə vaxtsa ifa etmişəm və yenidən oxumaq qərarına gəldim. Biz, tamaşaçıların xoşuna gəlsin deyə, onu bir az dəyişmişik. Azərbaycanca oxumaq çox çətindirir. Amma mən öhdəsindən gəldim”.