CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qiyməti kimin və niyə qaldırdığı bəlli deyil: Bu, artıq ASAN olmadı ki...

Heç bir qurum məsuliyyəti üzərinə götürmür: Bəs "ASAN İmza"nın qiymətini kim qaldırdı?
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, mobil operatorlar gələn ayın 15-dən etibarən "Asan İmza" xidmətindən istifadəyə görə abunə haqqını 2.5 dəfə artıracaq. 1 manata təklif edilən bu xidmətə görə həmin gündən etibarən 2.5 manat ödəməli olacağıq. "Azercell" şirkəti açıqlamasında bunu isə xərclərin artması ilə əlaqələndirir.

Azərbaycanda bütün mobil operatorlar qiymətləri qaldırdı

Maraqlıdır, şirkətin hansı xərcləri artıb ki, "Asan İmza" xidmətindən istifadəyə görə qiymətlər bu qədər artırılıb? Bu qiymət artımı hansı qurum tərəfindən, hansı əsasla həyata keçirib?

Sputnik Azərbaycan məsələ ətrafında yaranmış suallara cavab tapmaq üçün adiyyatı orqanlara sorğu göndərib. Aldığımız cavablar isə, demək olar ki, bir-birini təkrarlayıb.

İqtisadçı ekspert Samir Əliyev məsələyə münasibət bildirərək qeyd edib ki, mobil operatorun açıqlamasına görə "Asan İmza"-ya görə qiymət artımının səbəbkarı "Best Solutions" şirkətdir: "Görünür, şirkət uğurlu həll yolunu qiymət artımında görüb. Biri digərini qiymət artımının səbəbkarı hesab edir. Halbuki qiymət artımının təşəbbüskarının kim olması sahibkarı maraqlandırmır. Onu narahat edən qiymətin artımı faktıdır və bu məsələdə rəsmi qurumların susmasıdır".

"Belə çıxır ki, dövlətin prioritet saydığı bir sahədə (elektron xidmətlər) xidmətin qiyməti qalxır və bu addım dövlətin inkişaf etdirmək istədiyi digər prioritet sahəyə (sahibkarlığa) zərbə vurur, amma dövlət bu məsələyə müdaxilə etmir. Axı "Asan İmza" hansısa şirkətin əhaliyə təklif etdiyi xidmət deyil, bu, dövlət siyasətinin tərkib hissəsi olan bir xidmətdir" – deyə S.Əliyev əlavə edib.

Ekspertin fikrincə, "Asan İmza" elektron xidmətinin bahalı qiymət baxımından əlçatmaz edilməsi həm kiçik və orta sahibkarlıq subyektlərinin hesabatlılığına, həm də şəffaflığına ciddi zərb vura bilər: "Əgər vergi hesabatını "Asan İmza" olmadan vermək mümkündürsə, sosial sığorta haqları ilə bağlı hesabatı vermək niyə mümkün olmasın? Və yaxud elektron qaimənin göndərilməsi üçün "Asan İmza" nə qədər vacibdir? Bu gün şəxsi mobil telefon vasitəsilə autentifikasiya imkanları mümkündür. Bunun üçün əlavə nömrəyə və xidmət haqlarına nə ehtiyac var?"

S.Əliyev düşünür ki, "Asan İmza" mexanizminə yenidən baxılmalıdır və daha uğurlu mexanizmlər tapılmalıdır: "Fikrimcə, indiki mexanizm saxlanacağı təqdirdə vergi (e-qaimə) və sosial ysığorta (hüquqi şəxslər) hesabatları üçün bu mexanizm ləğv edilməlidir və ya hökumət bu xidmətin xərclərini üzərinə götürməlidir. Eyni zamanda, bu xidmətin qiymətinin rəqabət şəraitində formalaşmadığını nəzərə alaraq onun tənzimlənən qiymətlər kateqoriyasına aid edilməsinə, tariflərin Tarif Şurası tərəfindən müəyyənləşdirilməsi məsələsinə baxılmalıdır".

Mobil operatorların qiymət artırmasına cavab: "ASAN imza ləğv edilsin"

Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına da sorğu göndərdik. Nəqliyyat, Rabitə və Texnalogiyalar Nazirliyindən sorğumuza verilən cavabda deyilir ki, qiymət artımının onlara heç bir adiyyatı yoxdur.

"ASAN Xidmət"ə göndərdiyimiz sorğuya isə bu cavabı verdilər: "Asan Xidmət" mərkəzlərində göstərilən xidmətlər birbaşa dövlət orqanları tərəfindən, o cümlədən "ASAN İmza" sertifikatının verilməsi xidməti Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Odur ki, müraciətinizdə qeyd olunan halın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur".

Vergilər Nazirliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, "Asan İmza" xidmətinin tariflərinin formalaşmasının Vergilər Nazirliyinə aidiyyatı yoxdur.

"Azercell Telekom" MMC öz abunəçilərinə 15.08.2018-ci il tarixindən etibarən "Asan İmza" xidmətindən istifadə üçün hər faktura dövrünə görə abunə haqqının ƏDV daxil 2.50 AZN məbləğində təyin edildiyi barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan "Azercell Telekom" MMC-yə sorğu göndərərək "Asan nömrə"nin aylıq ödənişinin hansı səbəbdən 1 AZN-dən 2.50 AZN-ə qaldırıldığını öyrənməyə çalışıb. "Azercell Telekom" MMC-nin mətbuat xidmətindən sorğumuza belə cavab verilib:

"Qeyd edək ki, 16.07.2018-ci il tarixində "Azercell Telekom" MMC rəsmi mətbuat orqanları vasitəsilə öz abunəçilərini "Asan İmza" Xidmətinin istifadəsi ilə bağlı "ASAN İmza" xidməti üzrə aylıq abunə haqqı dəyişikliyi barədə məlumatlandırıb. Belə ki, rəsmi məlumata əsasən, 15.08.2018-ci il tarixindən etibarən "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 AZN məbləğində təyin edilib. Bu xidmət ilə əlaqədar göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0,00 AZN təşkil edəcək".

"Azercell Telekom" MMC-dən bildirilib ki, qiymət artımı ilə bağlı təklif "Asan İmza" xidmətinin birbaşa təminatçısı "Best Solutions" şirkəti tərəfindən irəli sürülüb: "Buna səbəb isə xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artması olub. Odur ki, göstərilən tarif dəyişikliyinin respublikanın mobil kommunikasiya bazarında fəaliyyət göstərən digər mobil operatorlar tərəfindən də eyni 15.08.2018-ci il tarixindən etibarən tətbiqi nəzərdə tutulur".

Qurumdan o da qeyd olunub ki, bütün qeyd olunanları nəzərə alaraq ayrı-ayrı şəxslər tərəfindən sosial media vasitəsilə "Azercell Telekom" MMC-yə qarşı yönəldilmiş "inhisarçılıq", "soyğunçuluq" və sair qərəzli ittihamlar tamamilə əsassızdır və qüvvədə olan qanunvericilikdə həmin şəxslərin məsuliyyətini nəzərdə tutan təqsirli əməli təşkil edir.

Milli Məclisdən “ASAN xidmət”lə bağlı gözlənilməz təklif

Məsələni öz "Facebook" səhifəsində şərh edən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, nəyin hesabına xərcin nə az-nə çox 2.5 dəfə artmasının səbəbləri qaranqlıdır: "Digər operatorların da eyni gündə qiymət artımlarına getmələri, məhz mobil kommunikasiya bazarının liberallaşdırılmasının vacibliyini bir daha artırır".

"Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır. Digər tərəfdən, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda "Asan İmza"ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər" — Bayramov qeyd edib.

Onun sözlərinə görə, elektron xidmətlərin daha aşağı xərclərlə əldə edilməsinin özü də prioritet olmalıdır: "Təəssüf ki, son tarif artımları bundan xəbər vermir. Bütün bunları nəzərə aldıqda yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsələyə müdaxilə etməsi və taariflərin optimallaşdırılmasına nail olması çox vacibdir. Ümumiyyətlə, hökumət ASAN imzanı ləğv edilərək onun əvəzinə pulsuz elektron imza sisteminin tətbiqinə çalışmalıdır".