Məşhur general Trampa meydan oxudu: "Mənimlə qarşılaşmalı olacaqsan"

Qasım Süleymani: "Bir əsgər olaraq Trampın təhdidlərinə cavab vermək mənim vəzifəmdir"
Sputnik

BAKI, 26 iyul — Sputnik. İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani ABŞ prezidenti Donald Trampa sərt ismarıc göndərib. Sputnik Türkiyə-nin xəbərinə görə, general "Əgər Tramp təhdid dili ilə danışmaq istəyirsə, onda mənimlə danışmalıdır" bəyanatını verib.

"Əgər o, təhdid dili ilə danışmaq istəyirsə, prezident Həsən Ruhani ilə deyil, mənimlə danışmalıdır. Bir əsgər olaraq Trampın təhdidlərinə cavab vermək mənim vəzifəmdir" — deyə Suleymani vurğulayıb.

İranlı general ABŞ əsgərlərinin Qırmızı dənizdə olmasını sərt şəkildə tənqid edib: "Qırmızı dəniz neft tankerlərinin keçdiyi dünyanın ən önəmli ticarət yollarından biridir. Əvvəllər təhlükəsiz olan Qırmızı dəniz ABŞ-ın bölgədə varlığı ilə bağlı təhlükəsizliyini itirib".

Trampdan İrana sərt mesaj: "Tarixdə görmədiyiniz zərbəni alacaqsınız"

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İran ABŞ-ı təhdid etməyə davam etsə, onda bunun nəticələrindən əziyyət çəkəcək: "İran prezidenti Ruhaniyə: Heç vaxt, heç vaxt bundan sonra ABŞ-ı təhdid etməyin, əks halda tarixdə heç vaxt görmədiyiniz nəticələrə qatlanmalı olacaqsınız. Biz artıq sizin zorakılıq və ölüm haqqında axmaq sözlərinizə dözəcək ölkə deyilik. Diqqətli olun!"

Bundan əvvəl İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampı "odla oynamamağa" çağıraraq qeyd edib ki, rəsmi Tehran heç kimlə müharibə aparmır: "Biz heç kimlə döyüşmür, müharibə aparmırıq".

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.