BAKI, 26 iyul — Sputnik. İraqın "Iraqi Airways" aviaşirkətinə məxsus təyyarənin iki pilotu uçuş zamanı təyyarənin kabinəsində dalaşıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda ölkənin Nəqliyyat Nazirliyi məsələni araşdırır.
"Al Sumaria" telekanalının məlumatına görə, hadisə bir neçə gün əvvəl yerdən 11 kilometr hündürlükdə baş verib. Həmin vaxt təyyarənin göyərtəsində 150 sərnişin olub. Pilotları təyyarənin təhlükəsizlik xidmətinin əməkdaşları ayırıblar.
Dava zamanı təyyarənin kabinəsinə də zərər dəyib. Davanın baş vermə səbəbləri açıqlanmır.
"Iraqi Airways" şirkəti qeyd edib ki, araşdırmalar nəticəsində pilotların ömür boyu uçuşlardan uzaqlaşdırılması da daxil olmaqla ən sərt sanksiyaların tətbiq olunacağı gözlənilir.