BAKI, 25 iyul — Sputnik. Rusiyanın Sənaye və Ticarət Nazirliyi qaz turbinləri üçün yeni istifadə haqqını təqdim etməyə hazırlaşır.
Sputnik AzərbaycanKommersant-a istinadla xəbər verir ki, bu, avadanlıqların qiymətinin artmasına gətirib çıxaracaq. Nəticədə ölkədə əhali üçün elektrik enerjisinin qiymətləri də qaldırılacaq.
Qəzetin yazdığına görə, ölkədə "İstehsalat və istehlak tullantıları haqqında" qanuna dəyişikliklər ediləcək. Burada 32 meqavata qədər gücü olan qaz turbinlərinin utilizasiyası üçün xüsusi xərclərin ayrılması nəzərdə tutulur. Həmin turbinlər istehsalçılardan alınacaq, lakin yerli istehsalın kompensasiyası üçün büdcədən subsidiyalar ayrılacaq. Bununla yanaşı, toplanmış turbinlərdən gələn gəlir Rusiyanın maşın istehsalçılarına dəstək üçün xüsusi bir fonda köçürüləcək.
Qanun layihəsində toplanan məhsulun məbləği müəyyən edilməyib. Lakin nəşrin mənbələri bunun məhsulun maya dəyərinin yeddi faizini təşkil edəcəyini bildirib.
Qəzetə bu barədə açıqlama verən nazirlikdəki mənbə aparılacaq islahatların Rusiyada elektrik enerjisinin dəyərinə təsiri ilə bağlı fərqli mövqedədir. Onun sözlərinə görə, Sənaye və Ticarət Nazirliyində hesab edirlər ki, utilizasiya prosesi qiymətlərə demək olar ki, təsir etməyəcək. Amma adının gizli qalmasını istəyən bu şəxs iddia edib ki, köhnə qaz turbinlərinin toplanması ümumilikdə bu avadanlıqların qiymətlərinin artmasına gətirib çıxaracaq. Ağır tarif şərtlərinin yükü isə istənilən halda istehlakçıların çiyninə düşəcək.
Nazirlik rəsmiləri öz açıqlamalarında iddia edirlər ki, dövlət satınalmaları şəklində verilən dəstək nəticəsində rus turbin istehsalçıları qiymət artımı ilə üzləşməyəcək.
Hazırda avtomobil sənayesində olduğu kimi, yerli şirkətlərə utilizasiya proqramlarını həyata keçirmək üçün dövlət büdcəsindən qeyri-rəsmi subsidiyalar ayrılır. Lakin, bu istənilən halda idxal olunan avadanlıqların qiymətlərinin artmasına səbəb olur. Bu tədbirlər nəticəsində də ən ciddi zərbə istehsal vasitələri bazarına dəyəcək və nəticədə istehlakçılar üçün enerjinin qiymətlərində artım olacaq.
"Skolkovo" Moskva İdarəçilik Məktəbinin Energetika Mərkəzinin baş analitiki Yuri Melnikov deyib ki, avtomobil sənayesi sahəsində avtomobillərin utilizasiyası ətraf mühiti mühafizə etmək və Ümumdünya Ticarət Təşkilatına qoşulduqda Rusiya istehsalçılarının cazibədarlığını artırmaq məqsədilə həyata keçirilmişdi. Lakin ilin-günün bu vaxtında qaz turbinlərinin utilizasiyası ideyasının nəyə xidmət etdiyi aydın deyil. "Rusiyada 43,5 milyon ədəd minik avtomobili var. Qaz turbinlərinin sayı isə cəmi bir neçə min ədəddir" — deyə analitik bildirib.
Rusiya KİV-ləri hesab edir ki, hökumətin yeni utilizasiya ideyası sadəcə, artırılması planlaşdırılan enerji qiymətlərinə lazımi donu geyindirmək üçün nəzərdə tutulub. Son dövrlərdə ABŞ və Avropa dövlətlərinin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar hökuməti bütün sahələrdə bu və ya digər şəkildə qiymət artımını həyata keçirməyə vadar edir.
Qeyd edək ki, turbinlər elektrik enerjisinin alınması üçün atom və istilik elektrik stansiyalarında, həmçinin gəmilərdə, təyyarələrdə hidrodinamik ötürmənin tərkib hissəsi kimi tətbiq olunur.