BAKI, 25 iyul — Sputnik. Kürdəmirdə oğlunu öldürən ögey ata ifadə verib.
Sputnik Azərbaycan oxu.az-a istinadən məlumat verir ki, rayonun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdulla Abdullayev istintaqa ifadəsi zamanı ögey oğluna qarşı törətdiyi əməli etiraf edib: "Qeyri rəsmi münasibətdə yaşadığım Sevanə Yaqubova Astara rayon sakinidir. Biz bir neçə il əvvəl ailə həyatı qurmuşuq. Həmin müddətdən sona Sevanə azyaşlı oğlu ilə mənim evimdə yaşamağa başladı. Murad çox dəcəl uşaq idi. Hər dəfə onun sakit olması barədə tənbeh edirdim. Amma o, buna məhəl qoymurdu. Buna görə də onu bir-iki dəfə vurmuşam".
Abdulla Abdullayev azyaşlıya qarşı daim şiddət göstərməsi barədə ittihamı qəbul etməyib.
Qeyd edək ki, iyulun 21-də 2013-cü il təvəllüdlü Murad Yaqubovun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.