BAKI, 24 iyul — Sputnik. Türkiyə ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalara qoşulmayacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Amerikadan xüsusi nümayəndə heyəti gəlmişdi. Biz onlara bu sanksiyalara qoşulmayacağımızı dedik. Biz neft alırıq və onu bizə uyğun şərtlərlə alırıq. Siz isə uzaqdan danışırsınız, biz buna əməl etməyəcəyik" — deyə Çavuşoğlu vurğulayıb.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İran ABŞ-ı təhdid etməyə davam etsə, onda bunun nəticələrindən əziyyət çəkəcək: "İran prezidenti Ruhaniyə: Heç vaxt, heç vaxt bundan sonra ABŞ-ı təhdid etməyin, əks halda tarixdə heç vaxt görmədiyiniz nəticələrə qatlanmalı olacaqsınız. Biz artıq sizin zorakılıq və ölüm haqqında axmaq sözlərinizə dözəcək ölkə deyilik. Diqqətli olun!"
Qeyd edək ki, daha əvvəl İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampı "odla oynamamağa" çağıraraq qeyd edib ki, rəsmi Tehran heç kimlə müharibə aparmır: "Biz heç kimlə döyüşmür, müharibə aparmırıq".
Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.