HADİSƏ

Bakıda şok effekti yaradan hadisə ilə bağlı cinayət işi açıldı - VİDEO

Başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir
Sputnik

BAKI, 24 iyul — Sputnik. Bakıda ağacların qurudulması faktı ilə bağlı cinayət işi başlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayonun Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 23 ədəd müxtəlif növ çoxillik ağaclardan 10 ədəd şam ağacının dibinə naməlum şəxslər tərəfindən zərərli maddə tökülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.

Başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı video-görüntü yayılıb. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub. Nazirliyin araşdırması zamanı ərazidə müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib.