CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş axtaranlara müjdə verildi

Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcək
Sputnik

BAKI, 23 iyul — Sputnik. Ədliyyə Nazirliyi notarius vəzifələrində çalışmaq istəyən vətəndaşlar üçün sənəd qəbulu elan edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, paytaxtda və bölgələrdə fəaliyyət göstərən "ASAN xidmət" şəbəkəsi genişləndirilərək Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında da yeni mərkəzlərin təsis edilməsi nəzərdə tutulub.

Ədliyyə Nazirliyi tərəfindən həmin mərkəzlərdə təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan və Yevlax rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən "Notariat haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün sənədlərin qəbulu elan olunur.

Test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2018-ci il avqustun 1-dən etibarən nazirliyin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.

Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.

Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcək.