BAKI, 23 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə baş tutan görüş zamanı heç bir güzəştə getməyib. Onun sözlərinə görə, hər iki ölkənin maraqları müzakirə olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
"Siz mənim prezident Putinlə görüşüm barədə neqativ səslənən və mənim nədənsə imtina etməyim barədə feyk xəbərləri eşidəndə yadınıza salın ki mən heç nə də güzəştə getməmişəm, biz sadəcə iki ölkənin gələcək xeyri barədə fikir mübadiləsi aparmışıq. Biz, həmçinin çox yaxşı yola getmişik. Bu da korrupsiyaya uğrayan KİV-dən başqa, hamı üçün yaxşıdır", — deyə Tramp "Twitter"-də yazıb.
Qeyd edək ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təkbətək görüş olub. Görüşü planlaşdırılandan artıq — 2 saat 10 dəqiqə çəkib. Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir.
Görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.