BAKI, 23 iyul — Sputnik. Dünən Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.
Qeyd edək ki, kinoloqlar hələ də uşağın izinə düşə bilməyiblər. Bu barədə Sputnik Azərbaycan-a Xaçmaz Rayon Polis Şöbəsindən məlumat verilib. Buna baxmayaraq, hüquq-mühafizə orqanları uşağın sağ olduğundan və meşə zolağında azdığından əmindir.
Bununla yanaşı, Xaçmaz RPŞ-dən verilən məlumata görə, uşaq günorta saatlarında "Mayak" istirahət zonası ərazisində itkin düşüb. Uşaq orada Bakıdan gəlmiş nənə və babası ilə birlikdə dincəlirmiş.
Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edirlər ki, uşaq sağdır və meşənin hansısa hissəsində azıb qalıb. Uşağın dənizdə bata biləcəyi barədə versiya isə inandırıcı deyil. Polislərin dediyinə görə, əgər belə olsaydı, dalğa uşağın cəsədini indiyə qədər sahilə atardı. Hələlik xoşbəxtlikdən sahil-mühafizə xidmətində belə bir məlumat yoxdur.
"Elə bir ehtimal da yoxdur ki, uşaq dənizə doğru getsin. İş ondadır ki, bazar günü hadisə baş verən ərazidə yağış yağıb. Ola bilsin, kinoloji xidmətin itləri bu səbəbdən uşağın izlərini tapa bilmir" — deyə Xaçmaz RPŞ-dən bildiriblər.