BAKI, 22 iyul — Sputnik. İranın cənubundakı Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələ olub.
Sputnik AzərbaycanİRNA agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar bu gün yerli vaxtla səhər saat 09.37 radələrində (Bakı vaxtı ilə 9:07-də) qeydə alınıb. Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub.
Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqadalar göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.
Xatırladaq ki, 12 noyabr 2017-ci ildə İranın qərbində Kermanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub, 600-dən çox insan ölüb.